“Berndə keçirilən sammit prezidentlərə onların mövqelərini aydınlaşdırmaq imkanı yaradıb”.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin onların iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidentiSerj Sarkisyan arasında İsveçrənin Bern şəhərində keçirilən görüşləri ilə bağlı bəyanatlarında deyilir. Görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə prezidentlər son zorakılıq hallarının müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər: “Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər. Onlar həmçinin Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”.
Qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə vasitəçilik etmək üçün tərəflərlə işləməyə hazır olmaqda davam edirlər.