APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisəyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili münasibət bildirib: “Bu fakt bizi hiddətləndirir. Hadisə ilə bağlı Avropa missiyasının Gürcüstandakı nümayəndəliyinə məlumat verilib. Gürcüstanın daxili işlər nazirliyi də jurnalistlərin qaytarılması üçün fəallıq göstərir”.
Gürcüstanın Xalq müdafiəçisi Uça Nanuaşvili də oğurlanan jurnalistlərlə bağlı xüsusi bəyanat yayıb. O, hakimiyyəti işğalçılar tərəfindən oğurlanan jurnalistlərin qaytarılması üçün tədbirlər görməyə çağırıb.
“Təəssüf ki, Abxaziya və Sxinvali regionlarındakı inzibati sərhədlərdə belə hadisələr Rusiya hərbiçiləri və de-fakto hakimiyyəti nümayəndələri tərəfindən uzun illərdir ki, törədilən problem olaraq qalır. Gürcüstan hakimiyyəti tərəfindən aparılan danışıqlara baxmayaraq, işğal olunan ərazilərdə insan haqlarının və beynəlxalq hüquq prinsiplərinin pozulması faktları kəsilmir”.
Gürcüstanın xalq müdafiəçisi U. Nanuaşvili yayımladığı bəyanatda Gürcüstan jurnalistlərinin qanunsuz saxlanılması məsulliyyətinin Rusiyanın üzərinə düşdüyünü bildirib və təxirə salınmadan bəyanat qəbul etməklə jurnalistlərin azad olunması üçün Gürcüstan hakimiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze isə oğurlanan jurnalistlərin yerinin məlum olmadığını, onlarla əlaqə yaradılmadığını bildirib: “Hadisə ilə bağlı mən hamını işğal olunan əraziyə yaxın kəndə getməyə çağırıram. Ümid edirəm ki, jurnalistlərin qaytarılması dinc yolla həll olunacaq”, deyə Gürcüstan xarici işlər idarəsinin rəhbəri bildirib.
Xarici işlər naziri bu gün Praqada Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidzenin Rusiyalı həmkarı Qriqori Karasinlə görüşü zamanı bu məsələnin qaldırılacağı bildirib.