APA-nın Gürcüstan bürosunun məlumatına görə, xüsusi nümayəndə jurnalistə açıqlamasında pasport verilmə faktının yoxlanılacağını və bundan sonra rəsmi şərh veriləcəyini bildirib: “Bu, çox incə məsələdir. İnformasiya yoxlanılır və mən də sizin kimi nəticəni gözləyirəm. Bundan sonra faktla bağlı rəsmi şərh veriləcək”, deyə gürcü diplomatı bildirib.
Xatırladaq ki, Gürcüstandakı İsveç səfirliyinin vasitəçiliyi ilə fəaliyyət göstərən Rusiya səfirliyinin bölməsi tərəfindən son günlər Cavaxetiya ermənilərinə Rusiya pasportu paylanılması barədə mətbuatda informasiya yayımlanıb. Informasiyada bildirilib ki, Rusiya pasportu almaq üçün Cavaxetiya sakinləri olan ermənilər növbəyə düzülüb. “Front News” qəzetinin əməkdaşı pasport verilməsi faktını araşdırarkən ona səfirlik əməkdaşı bildirib ki, faktı səfirlik təsdiq etməyəcək: “Diplomatik idarənin əməkdaşları bu faktı rəsmi şəkildə təsdiq etməyəcək. Lakin Cvaxetiyada məntəqələr fəaliyyət göstərir ki, burada Rusiya vətəndaşlığı almaq üçün arzu edənlər xüsusi anket doldura bilər”.
Mənbənin məlumatına görə, artıq səfirliyə pasport almaq üçün çoxlu miqdarda ərizə daxil olub və onların çoxu Samsxe-Cavaxetiya bölgəsinin sakinləridir. Qəzetin müxbiri səfirliyin mətbuat xidmətindən pasport paylanması faktı ilə bağlı açıqlama almaq üçün müraciət edib, lakin ona yalnız “bu mərhələdə danışıqlar gedir” cavabı verilib.