Gürcüstanda azsaylı xalqların dilinin qorunması məsələsi müzakirə olunub
06 fevral 2015 05:57 (UTC +04:00)

Gürcüstanda azsaylı xalqların dilinin qorunması məsələsi müzakirə olunub

Tiflisdə Gürcüstanın Xalq Müdafiəçisi Uça Nanuaşvili ilə və Xalq Müdafiəçisi nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurası üzvlərinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə baş tutan tədbirdə "Gürcüstanda yaşayan azsaylı xalqların dilinin qorunması və öyrənilməsi ilə bağlı vəziyyət barədə" məsələ müzakirə olunub. Tədbirdə ağır xəstəlikdən sonra vəfat edən Milli Azlıqlar Şurasının üzvü, Gürcüstan parlamentinin deputatı Tamaz Avdalianinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar başlanıb.

 

Gürcüstanın Xalq Müdafiəçisi Uça Nanuaşvili çıxışında Gürcüstanda azsaylı xalqlar sayılan udin, kist, aysor, osetin, yezidi kürd və digər xalqların problemlərinin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə yaşayan azsaylı xalqların problemlərinin həll olunması üçün böyük resurslar lazımdır.

 

Gürcüstan Təhsil Nazirinin müavini Liya Qiqauri çıxışında azsaylı xalqların məktəbləri, müəllim kadrları olmadığını və universitetlərdə dərs deyən lektorlar da artıq ahıl yaşına çatdığı və onları əvəz edən gənc kadrların, mütəxəssislərin olmadığı barədə məlumat verib. L. Qiqani bildirib ki, Gürcüstan təhsil nazirliyi artıq bu vacib məsələləri öyrənməyə başlayıb: "Nazirliyimiz təşəbbüs qaldırıb ki, azsaylı xalqların əlifbasının, dilinin qorunması, ixtisaslı kadrların sayının artırılması üçün xüsusi layihə həyata keçirsin. Biz çalışacağıq ki, onlar öz dillərini unutmasın", deyə nazir müavini bildirib.

 

Tədbirdə Gürcüstan prezidentinin milli azlıqlar məsələləri üzrə məsləhətçisi Sofiya Şamanidi, kist xalqı adından Zaur Qumaşvili, osetin Naira Bebiyeva, udin Mamauli Meşumaşvili, yezidi kürd Lili Safarova, aysor David Adamov, Gürcüstan təhsil nazirliyinin nümayəndəsi Tamar Cayeli, Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin şöbə müdiri Tina Kandelaki çıxış edərək dil və təhsilə aid problemlərin hər bir azsaylı xalqı narahat etdiyini və onların dilində ali məktəblərin olmamasını, məktəblərə qayğı və diqqət lazım olduğunu bildiriblər. Azsaylı xalqların nümayəndələri  dillərinin qorunmasına və öyrənilməsi üçün maraq yaradıldığı üçün təhsil nazirliyinə təşəkkür ediblər.

 

Görüş müzakirələr və sual-cavab şəraitində davam edib. Görüşdə gürcü, azərbaycanlı və erməni icmasının nümayəndələri və jurnalistlər də iştirak edib.

 

Gürcüstanın Xalq Müdafiəçisi Uça Nanuaşvili APA-ya açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıların azsaylı xalq olmadığını, lakin onların da problemlərinin mövcud olduğunu bildirib: "Mən azərbaycanlıların problemləri ilə tanış olmuşam. Bu gün keçirilən görüşdə səsləndirilən məsələlər onlara da aiddir. Bütün qeyd olunan problemlərin həlli üçün böyük resurslar, həmçinin dövlət proqramı işləyib hazırlamaq lazımdır. Təhsil, dərslik, məktəb, pedaqoji kadrların çatışmazlığı ümumi problemə çevrilib. Gec-tez bu məsələlər həll olunacaq", deyə xalq müdafiəçisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar