Gürcüstan prezidenti Georgiy Marqvelaşvili bildirib ki, administrasiyasının prezident sarayından yeni iqamətgaha köçməsi mövzusunun gündəmə gətirilməsi siyasi xarakter daşıyır və bunun əsas səbəbi onunla hakim “Gürcü Arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvili arasında olan şəxsi qarşıdurmadır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Georgiy Marqvelaşvili 2013-ci ildə prezident postuna seçildikdən sonra sabiq prezident Mixail Saakaşvili tərəfindən ucaldılan “Avlabar kompleksi” iqamətgahında çalışmaq niyyətində olmadığını bildirib və özünə hökumət dəftərxanası binasında iş otağı ayırıb. Marqvelaşvili “Avlabar kompleksi”nin Gürcüstan-Amerika Universitetinə verilməsi təşəbbüsü ilə çıxış edib. Onun özünün Atoneli küçəsində ucaldılan yeni iqamətgaha köçəcəyi gözlənilirmiş. Lakin Georgiy Marqvelaşvili 2014-cü ilin martında “Avlabar kompleksi”nə köçüb və bu qərarına görə İvanişvili tərəfindən dəfələrlə tənqid olunub.
Bundan əvvəl hökumətin iclasında Atoneli küçəsindəki iqamətgahın hazırda icarəyə verildiyi və tezliklə dövlət başçısına veriləcəyi barədə fikirlər səsləndirilib.
“Bu mövzu nə kvadrat metrlərlə, nə də ki kommunal məsələləri ilə bağlıdır – bu siyasi mövzudur. Təəssüf ki, mənim öz mövqeyim və fəaliyyətim ilə bağlı qərarlar verməyim cənab Bidzina üçün qəbuledilməzdir. Təbii ki, Gürcüstana kiməsə tabe olan və göstərişlə binanı tərk edən prezident gərək deyil.
Mən, prezident kimi, bunu etməməliyəm və institutun şərəfini qorumalıyam. Burada heç kim maraq güdmür, bu mənim və Bidzina arasında olan şəxsi ədavətdir”, deyə Georgiy Marqvelaşvili jurnalistlərə bildirib.