Avroatlantik inteqrasiya və Gürcüstanın suverenliyinin təminatçısı olan ordu ölkədaxili siyasi qarşıdurmaya görə təhlükə altına düşə bilər. Bu barədə Gürcüstandakı son hadisələri şərh edərkən Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili bildirib. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə APA “Novosti-Qruziya”ya istinadən məlumat yayı.
“Gürcüstana qayıtdıqda biz, dövlət maraqlarını əsas tutaraq, bu proseslərin tənzimlənməsi ilə məşğul olacağıq”, deyə Georgi Marqvelaşvili bildirib.
“Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini, dövlətin Avroatlantik inteqrasiyasını, və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır”, deyə Georgi Marqvelaşvili bildirib.
Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu gün tutduğu vəzifədən azad edilib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.
Xatırladaq ki, qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə amil olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı həmlə adlandırıb.
İrakli Alasaniyanı istefaya göndərdikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyinin bir qrup yüksək çinli əməkdaşı 2 mln dollar məbləğində büdcə vəsaitlərini talan etməkdə təqsirli bilinərək həbs olunub.
Bundan başqa, bu gün prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb.
Prokurorluqdan, həmçinin, bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.