Gürcüstan azərbaycanlılarından ermənilərin bayram etmələrinə etiraz
08 may 2014 17:21 (UTC +04:00)

Gürcüstan azərbaycanlılarından ermənilərin bayram etmələrinə etiraz

Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzi Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək istəyi ilə mayın 9-da konsert proqramı təşkil etmək istəyirlər.


 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı artıq biletlərin satılması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Sonradan azərbaycanlı icmasının narazılığını görən ermənilər 7 lari qiymətində olan biletləri “Dəvətnamə” ilə əvəz ediblər. Bu gün Marneulidə ermənilərin hərəkətlərini pisləmək üçün Gürcüstanda fəaliyyət göstərən QHT rəhbərləri, ziyalılar və Gürcüstan parlamentinin deputatları, jurnalistlər Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinə toplaşıblar.

 

Etiraz toplantısını AMM-in rəhbəri Fazil Həsənov açaraq ermənilərin “Şuşanın Azadlığı Günü”nü bayram kimi qeyd etməyi ermənilərin növbəti məkrli siyasəti adlandırıb.

 

Sonra Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  “Qeyrət” Xalq Hərəkatının üzvü Zümrüd Orxan Şuşa faciəsinin hamının problemi olduğunu və bu halla bağlı etiraz etməyin vacib olduğunu bildirib: “Əgər sabah onların tədbiri baş tutarsa, biz də Azərbaycan bayraqlarını qaldırmaqla Ermənistan səfirliyi qarşısında və tədbir keçirilən yerdə etirazımızı bildirəcəyik. Mən istəyirəm ki, gürcü ziyalıları və müxtəlif gürcü təşkilatlarının nümayəndələri bizim yanımızda olsun”.

 

Tədbirdə çıxış edən “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov bildirib ki, hakimiyyət bu tədbirə öz münasibətini bildirməlidir: “Ermənilərin bu tədbiri həm də Gürcüstanın dövlətçiliyinə ziddir. Əgər, bu halla bağlı rəsmi münasibət olmayacaqsa, burada bəyan edirəm ki, sabah biz etiraz mitinqi keçirəcəyik”.

 

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov ermənilərin addımını pisləyib və bunun ciddi məsələ, 500 minlik Gürcüstan azərbaycanlıların taleyi ilə oynamaq olduğunu bildirib: “Biz belə bir hərəkət etsəydik, istər keçmiş hakimiyyət, istərsə də, indiki hakimiyyət azərbaycanlılara başqa cür münasibət bəsləyərdi. Biz bu gün Gürcüstan vətəndaşıyıq, amma ermənilərin bu faşist hərəkətinə göz yuma bilmərik”.

 

Gürcüstan parlamentinin deputatı Mahir Məmmədov isə deyib ki, artıq Gürcüstan-Azərbaycan-Türkiyə arasında ən yüksək səviyyədə dostluq, qardaşlıq və strateji əməkdaşlıq var, bu isə kimlərinsə marağına uyğun gəlmir: “Hökuməti və dövləti bu məsələyə qarışdırmaq olmaz. Bu bizim böyük nailiyyətimizdir ki, Gürcüstanda hər yerdə kim istəsə tədbir keçirilə bilər. Mən sizlərə sağ ol deyirəm ki, beş dəqiqənin içində toplantı keçiririk. Biz öz vətəndaş mövqeyimizi ortaya qoyduq. Biz ermənilərin bu addımından panikaya düşməməliyik. Biz etirazımızı bəyanat şəkilində mətbuata çatdıra bilərik. Gəlin, bir az ermənilərdən öyrənək. Birdəfəlik aksiyalara uymayaq. Hər gün sistemli şəkildə işləmək lazımdır. Mən mitinq keçirməyin əleyhinəyəm”.

 

Müzakirələrin yekununda 30-dan çox QHT rəhbəri, ziyalılar, ictimaiyyət nümayəndələri “Gürcüstan azərbaycanlılarının bəyanatı” adı ilə etiraz sənədi qəbul ediblər.

 

Sonda Şuşa haqqında film nümayiş etdirilib.

 

Qeyd edək ki, ermənilərin Şuşa ilə bağlı tədbirləri 2002-ci ildən həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar