Avstriya paytaxtı Vyananın hökuməti göyərçinlərə yem verənlərin 36 avro cərimələnməsi haqda qərar qəbul edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, şəhər şurasının təmsilçisi bildirib ki, mədəniyyət obyektlərində quşların yemləndirilməsi ziyan vurur.
Şəhərdə quşları yemləməyə cəhd göstərənlərə, yaxud mərkəzi parklarda gəzdirdikləri heyvanlarının pisliklərini yığışdırmayanlara nəzarət etmək üçün patrul xidməti fəaliyyət göstərir.
Məmurlar hesab edir ki, göyərçinlərə yem verənlər, həm də siçan, siçovulları yemləyirlər. Bu üzdən son zamanlar Vyana küçələrində qalıq yem yeyən gəmiricilərin sayı artmaqdadır.
Mənbə bildirib ki, Avstriya bu problemlə birinci dəfə üzləşmir. 1970-ci ildə ölkənin bir sıra şəhərlərində göyərçinlərin sayı rekord həddə qeydə alınıb. Onda bu quşların güllələnməsi haqda qərar qəbul edilmişdi.
Şəhər hakimiyyəti çalışır ki, problemin həllini bu yolla həll etməsin. Ona görə də quşları şirnikləndirmək, yemləmək üçün yerli hakimiyyət xüsusi quş damları tikdirib.