Ermənistanda maşınların qiyməti 200 faiz bahalaşacaq
04 sentyabr 2014 16:05 (UTC +04:00)

Ermənistanda maşınların qiyməti 200 faiz bahalaşacaq

 

Ermənistanda ərzaq və qeyri-ərzaq məhsullarının kütləvi şəkildə bahalaşması gözlənilir. APA TV-nin məlumatına görə, erməni ekspertlər yaxın zamanlarda ölkənin idxal etdiyi 7000 adda məhsulun qiymətinin bahalaşacağını bildirirlər. “Məlumatlı vətəndaşlar birliyi” qeyri-hökumət təşkilatının rəhbəri Qrayr Manukyanın sözlərinə görə, Ermənistanın ilk növbədə Avropa ölkələrindən idxal etdiyi məhsulların bahalaşması gözlənilir. Bu dövlətin idxal etdiyi malların 75 faizi Avropa ölkələrinin, 25 faizi isə MDB-nin payına düşür. Bahalaşmaya təsir edəcək amillərdən biri benzinin qiymətinin ən az 5 faiz artacağıdır. Neft məhsullarının qiymətinin artması öz növbəsində domino prinsipi ilə digər məhsulların da qiymətlərinin artmasına səbəb olacaq. Bundan başqa ölkənin yürütdüyü siyasət yeni iqtisadi vəziyyət yaratdığından Ermənistan məcburi qaydada idxal olunan məhsulların gömrük rüsumlarını artırmağa məcbur olacaq. Bu səbəbdən ölkədə benzinin qiymətinin 5 faiz, dərman preparatlarının ən azı 8 faiz, şəkər tozunun 400 faiz, tualet kağızının 7 faiz, toyuq ətinin 15 faiz, donuz ətinin 5 faiz proqnozlaşdırılır.

 

Qiymətlərin ən yüksək artımı avtomobil bazarında müşahidə olunacaq. Ekspertlər yeni gömrük tariflərinin tətbiqi ilə əlaqədar avtomobillərin qiymətinin ən az 200 faiz artacağını bildirirlər. Qeyd edək ki, Ermənistanda 1997-2000-ci illərin istehsalı olan “Opel Astra” markalı maşınları daha geniş istifadədədir. Bu maşınların bazarda orta hesabla qiyməti 4 min dollardır. 1998-ci ildə istehsal olunmuş “Opel Astra”nın gömrük rüsumu hazırda maksimum 500 dollar təşkil edir. Yeni gömrük tariflərinin tətbiqindən sonra Ermənistan vətəndaşı ölkəyə gətirdiyi “Opel Astra” üçün 500 dollar deyil, 5500 dollar əlavə rüsum ödəməli olacaq. Başqa sözlə Ermənistan vətəndaşı ölkəyə Avropa istehsalı olan maşın gətirməli olsa, onda ölkədə maşınların qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşacaq.

 

Bu proqnozları Ermənistanın sabiq iqtisadiyyat naziri Vaqram Avanesyan da təsdiqləyib. “Məlumatlı vətəndaşlar birliyi” qeyri-hökumət təşkilatının rəhbəri Qrayr Manukyan kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşacağının da qaçılmaz proses olduğunu deyib. O qeyd edib ki, Ermənistanın yürütdüyü xarici siyasət ilk növbədə ölkənin iqtisadi durumuna mənfi təsir göstərəcək və bu, özünü ilk növbədə ölkədə gündəlik tələbat məhsullarının qiymətlərinin qalxması ilə müşayiət olunacaq. Benzinin, ərzaq məhsullarının, dərman preparatlarının, hətta tualet kağızının belə bahalaşması sözsüz ki, Ermənistanda onsuz da güclü olan miqrasiya prosesini daha da sürətləndirmiş olacaq və dotasiya hesabına formalaşan ölkə büdcəsini boşaldacaq, iqtisadiyyatı isə daha da iflic vəziyyətinə salacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522
avatar

Oxşar yazılar