Rusiyanın Novqorod vilayətində saxlanılan narkotik alverçilərini ömürlük həbs cəzası gözləyir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, saxlanılanlar iki il ərzində kustar üsulla narkotik vasitə sayılan amfetamin istehsal edərək onu iki rayon ərazisində satışını təşkil ediblər.
“Ümumilikdə, altı nəfər saxlanılıb. Onlardan qaraçı olan 2 nəfəri mənsub olduqları diaspora arasında narkotik vasitəsinin satışı ilə məşğul olub, iki erməni narkotik vasitəsinin daşınmasını təşkil edib, rus milliyyətli iki şəxs isə kəndlərdən birində yaradılmış gizli laboratoriyada narkotik vasitələrinin istehsalı ilə məşğul olub. Cinayətkarlar saxlanılan zaman polisə müqavimət göstərməyə cəhd ediblər”, deyə polisin məlumatında bildirilir.
Saxlanılanların üzərinə keçirilən baxış zamanı külli miqdarda amfetamin, ekstazi, prekursorlar və digər narkotik vasitələr, habelə silah və 120 min rubl məbləğində pul vəsaitləri aşkarlanıb. Narkotik alverində ittiham olunan şəxslər ömürlük həbs cəzasına məhkum oluna bilər.