Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Küveytə rəsmi səfəri çərçivəsində bu ölkənin sahibkarları ilə görüşərək onları Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunu artırmağa çağırıb. Bu barədə APA “Anadolu”ya istinadən xəbərə verir.
“Küveyt sahibkarları Türkiyəyə 2 mlrd dollardan az sərmayə yatırıb. Bu məqsədli göstəricidən xeyli aşağıdır. Heç bir xarici sərmayəçi Türkiyəyə sərmayə yatırmaqdan peşman olmayıb”, deyə Ərdağan çıxışında bildirib.
Ərdağan Türkiyə və Küveytin 569 mln dollar həcmində olan mal dövriyyəsini 2016-cı ildə bir milyard dollar səviyyəsində çatdırmaq niyyətində olduqlarını qeyd edib.
Qeyd edək ki, Türkiyə prezidenti ikigünlük səfəri çərçivəsində Küveytin əmiri Sabah əl Əhməd əl Cabir as Sabah ilə görüşüb. İkitərəfli əlaqələrlə yanaşı tərəflər Yəmən, Suriya, İraq, Liviya və Fələstindəki münaqişələri müzakirə ediblər.
Ərdoğan Yəməndə sabitliyin vacibliyini qeyd edərək bu ölkədəki vəziyyətə siyasi müdaxilə etməyə çağırıb.