Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın apardığı siyasətin çox təhlükəli olduğunu bəyan edib. Lent.az xəbər verir ki, Bayburtda xalqa xitab edən Ərdoğan Rusiyanın məsələləri real məzmunundan çıxararaq fərqli müstəvilərə keçirməsinin təəssüf doğurduğunu deyib: “Bizə qarşı iftira dolu ittihamlar etmək, oradakı türklərə qəsdən əziyyət vermək odla oynamaq kimi bir şeydir. Rusiyaya bu odla oynanamağı tövsiyə edirik. Türkiyəyə qarşı iftira kampaniyası, Rusiyadakı türklərə qarşı süründürməçilik münasibətləri təhlükəyə salır və biz bunu heç tövsiyə etməzdik”.
Ərdoğan Türkiyənin İŞİD-dən ucuz qiymətə neft alması iddiasına da münasibət bildirib: “Türkiyə İŞİD-dən neft almır, əksinə ABŞ sənədlərlə sübut etdi ki, rus şirkətləri İŞİD-lə ortaq şəkildə nefti satır. Özü də bu nefti Suriya rejiminə satırlar. Biz bir terror təşkilatından neft alacaq qədər hissiyatsız deyilik. Beynəlxalq münasibətlərdə iftira və dedi-qodunun yeri yoxdur”.