Səudiyyə Ərəbistanı İrandan Tehrandakı səfirliyinin təhlükəsizliyini təmin etməyi tələb edib. Bu barədə APA “Al Arabiya”ya istinadən xəbər verir.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, İran tələbələri Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi qarşısında şeyx Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq aksiya keçiriblər.
Qeyd edək ki, şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar İranda yanvarın 3-də ali təhsil müəssisələri fəaliyyət göstərməyəcək. Bütün ölkə ərazisində kütləvi etiraz aksiyaların keçiriləcəyi planlaşdırılıb.
Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.
Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.