Iyulun 23-də Ankarada Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə milli təhlükəsizlik məsələlərinə dair fövqəladə müşavirə keçirilib.
APA-nın məlumatına görə, bu barədə baş nazirin aparatı rəsmi açıqlama yayıb.
Müşavirə ölkədə vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar çağırılıb.
“Müşavirədə son günlər İŞİD və PKK tərəfindən ölkəmizə qarşı həyata keçirilən hücumlar ətraflı müzakirə edilib. Tədbirdə ictimai asayişin və milli təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilib”, bəyanatda deyilir.
Xatırladaq ki, iyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aksiyası nəticəsində 32 nəfər ölmüş, daha sonra adıçəkilən vilayətdə 2 polis əməkdaşı güllələnmişdi.
İyulun 23-də isə Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində İŞİD terrorçuları ilə Türkiyə əsgərləri arasında baş vermiş atışma nəticəsində 1 türk əsgəri həlak olmuş, daha 2 hərbçi yaralanmışdı.