Lent.az-ın “anspress.com”- a istinadən məlumatına görə, Britaniyada yerləşən dərman şirkəti GlaxoSmithKline vaksinin Britaniyada və ABŞ-da sağlam könüllülərə vurulacağını xəbər verir. Peyvənd sentyabrın ortasında həmin könüllülərə, daha sonra isə Qambiya və Mali saklinləri üzərində sınanacaq.
Qeyd edək ki, Qərbi Afrikada baş qaldıran ebola epidemiyası indiyədək azı 1 552 adamın həyatına son qoyub. Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur. Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.