Heç şübhəsiz, son 4 ayın əsas müzakirə mövzusu İraq-Şam İslam Dövləti - İŞİD terror təşkilatıdır. Dini təmayüllü terror təşkilatı İŞİD-lə bərabər, dünyada müxtəlif yönlü terror təşkilatları da fəaliyyət göstərir. Lent.az dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən təhlükəli terror təşkilatları haqqında məlumatları təqdim edir.
ETA - Bask dilində: Euskadi Ta Askatasuna
Basklar Ölkəsi və Azadlığı - İspaniya və Fransa sərhədləri arasında yaşayan baskların müstəqil dövlətini qurmaq istəyən marksist-leninçi təşkilat. 1959-cu ildə Fransisko Franko diktaturasına qarşı yaradılmış təşkilat İspaniyanın şimal-şərq və Fransanın cənub-qərbindəki Bask bölgəsinin müstəqilliyi üçün çalışır. 1968-ci ildən etibarən, baskların mədəni haqları uğrunda fəal mübarizə aparan ETA sonradan silahlı mübarizə yolunu seçib. 1979-cu ildə İspaniya hökuməti təxminən, 2 milyon nəfərin yaşadığı Bask bölgəsinə geniş muxtariyyət hüququ versə də, ETA silahlı mübarizəni davam etdirib.
Fəaliyyəti qadağan olunmuş “Batasuna” partiyası terror təşkilatının siyasi qanadıdır. “Batasuna” partiyası Bask vilayətində səslərin əsasən, 10-20 faizini toplayıb. Bundan başqa, ETA-nın 1968-ci ildən təşkil etdiyi qanlı teraktlarda 850 nəfər həyatını itirib. İspaniya ilə bərabər, Avropa İttifaqı və ABŞ da ETA-nı terror təşkilatı kimi tanıyıb. ETA 2006-cı ilin 24 martında hökumətlə razılaşdırılmış atəşkəsi pozub. Terror təşkilatı tərəfindən 30 dekabr 2006-cı ildə Madrid hava limanında terror aktı həyata keçirilib. 500 kiloqram partlayıcı maddədən istifadə edilən terror nəticəsində 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
“Aum Şinrikyo”
Şoko Aşahara tərəfindən 1987-ci ildə yaradılıb. Əsas hədəfi Yaponiyanı, daha sonra dünyanı işğal etməkdir. Yaponiya hökuməti 1989-cu ildə təşkilatı dini icma kimi tanıyıb. “Aum Şinrikyo” terror təşkilatının üzvləri 1990-cı il parlament seçkilərinə öz namizədliklərini irəli sürüb. 1995-ci ilin 20 martında təşkilat üzvləri Tokionun müxtəlif metro-stansiyalarında eyni vaxtda, kimyəvi sarin qazından istifadə etməklə, 12 nəfəri öldürüb, 6 mindən çox insanı yaralayıb. Bundan sonra hökumət 1995-ci ildə təşkilatın dini icma kimi fəaliyyətinə qadağa qoyub. 1994-cü ildə Yaponiyada baş vermiş gizli kimyəvi qəzaların da məsuliyyəti terror təşkilatının üstündədir. Yaponiya polisi 1995-ci ildə təşkilatın qurucusu Şoko Aşaharanı həbs edib. Məhkəmə 2004-cü il fevralında, Şoko Aşaharanı 1995-ci ildəki terror aktlarına görə, ömürlük azadlıqdan məhrum edilib. Təşkilat 2000-ci ilin yanvarında, Fumihiro Joyunun liderliyi ilə adını “Aleph” olaraq dəyişdirib və şiddətə əsaslanan təlimdən imtina edib. Təşkilatın üzvlərinin sayı min nəfərdən azdır.
Əbu-Səyyaf (ASG)
“Əbu-Səyyaf” Filippində fəaliyyət göstərən terror təşkilatıdır. Təşkilat liderlərinin bir çoxu SSRİ-Əfqanıstan müharibəsində iştirak edib. 18 dekabr 1998-ci ildə Filippin polisi ilə atışmada öldürülən Əbu-Bəkr Janjalaninin rəhbərlik etdiyi “Moro Milli Qurtuluş Cəbhəsi” adlı təşkilatdan 90-cı illərin əvvəlində ayrılıb. Təşkilat soyğunçuluq, sui-qəsd cinayətlərində iştirak edib. Təşkilatın əsas məqsədi Filippinin cənubunda müstəqil islam dövləti qurmaqdır. “Əbu-Səyyaf”ın ilk səs-küylü əməliyyatı 1995-ci il aprelin Mildanaonun İpil qəsəbəsinə etdiyi basqın olub. 2000-ci ilin aprelində, təşkilata bağlı bir qrup Malayziyada 10-u turist olmaqla, 21 nəfəri oğurlayıb. Təşkilat üzvləri 27 may 2001-ci ildə 3 ABŞ vətəndaşı və 17 filippinlini qaçırıb. Təşkilatın üzvlərinin sayı 500 nəfərdən azdır.
“Əl-Qaidə”
“Əl-Qaidə” soyuq müharibə vaxtı, 1988-ci ildə SSRİ ilə vuruşmaq məqsədi ilə Əfqanıstanda yaradılıb. SSRİ-nin Əfqanıstanı işğal etdiyi vaxtda ölkə torpaqlarını müdafiə edib. 2001-ci il 11 sentyabr terror aktı “Əl-Qaidə” tərəfindən hazırlanıb. “Əl-Qaidə”yə bağlı terror təşkilatları aşağıdakılardır: “Taliban”, “Özbəkistan İslam Hərəkatı”, “Ceyş-i Muxammed”, “Laskar-ı Tayyiba”, “Hərəkət-Ül Ansar-Mücahidin”, “Hizb-Ül Mücahidin”, “Misir Al-Cihad”, HAMAS və başqaları.