Dekabrın 30-da Azərbaycanın Küveytdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”, həmçinin ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanlandığı müraciət oxunub. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunub.
Tədbirdə “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edib, həmvətənlərimizi bayram münasibətilə təbrik edib. Tədbirin sonunda bayram ziyafəti verilib.