Ukraynanın Donetsk şəhər şurası regionun statusu barədə referendumun keçirilmə təşəbbüsünü dəstəkləyib. Lent.az-ın “Ostrov” nəşrinə istinadən məlumatına görə, müvafiq qərar martın 3-də keçirilmiş iclasda deputatlar tərəfindən qəbul olunub.
Onlar mitinqçilərin rus dilinin azad istifadəsinə konstitusiya təminatının reallaşdırılması barədə tələblərini də dəstəkləyiblər və regionda asayişin qorunması üzrə ictimai qurumların yaradılmasının lehinə çıxış ediblər.
Qeyd edək ki, bu gün Donetsk şəhər şurasının binası önündə Rusiyaya dəstək mitinqi keçirilib. “Vesti” mitinqdə 2 min insanın iştirak etdiyini xəbər verir. Aksiyaçılar Rusiyanın və az öncə milli qubernator elan edilmiş Pavel Qubaryovun lehinə şüarlar səsləndiriblər. Onlar deputatların binanı tərk etməsinə imkan verməyərək, geri qayıtmalarını, yerli administrasiyanın bütün hakimiyyəti Qubaryova verməsini tələb ediblər. Deputatlar bu tələbləri yerinə yetirməkdən imtina etdikdən sonra mitinqçilər binaya hücum edərək, içəri giriblər. Milis olaylara müdaxilə etməyib.