İranda parlament namizədlərinin tərəfdarları arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xuzestan əyalətinin polis rəisinin ictimai məsələlər üzrə müavini Rəhman Musəvi deyib.
R.Musəvi bildirib ki, Xuzestan əyalətinin Şuş şəhərində parlament namizədlərinin tərəfdarları arasında qarşıdurma bu gün günorta saatlarında baş verib. “Qarşıdurmada bir nəfər bıçaqlanaraq öldürülüb, 3 nəfər isə müxtəlif xəsarətlər alaraq Əhvaz şəhər xəstəxanalarına yerləşdirilib”.
R.Musəvinin sözlərinə görə, qarşıdurmanı polisin müdaxiləsindən sonra dayandırmaq mümkün olub: “Hazırda vəziyyət polisin nəzarəti altındadır, hadisə araşdırılır”.
Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçiriləcək.