İranın ali rəhbəri ayətullah Əli Xamneyinin dayısı Hüseyn Mirdamadi jurnalistlərə bir neçə gün əvvəl tutulan oğlu, jurnalist Siracəddin Mirdamadidən danışıb.
Letn.az-ın “Media forum”a istinadən məlumatına görə, Hüseyn Mirdamadi deyib ki, oğlunun azadlığa buraxılması üçün bacısı oğlu Xamneyiyə müraciət etməyəcək: “Xamneyinin qapısına gedən adam deyiləm. İllərdir ki, onunla heç bir münasibətim və əlaqəm yoxdur. Ona heç ehtiyacım da yoxdur. Mən öz sadə həyatımı yaşayıram. Sadəcə hesab edirəm ki, qanun icra olunmalıdır.
Oğlum heç bir cinayət törətmədən həbsə salınıb. Heç oğlum da razı olmaz ki, mən onun azadlığı üçün Xamneyinin yanına gedim. Xamneyi ilə qohumluq münasibətimiz ola-ola bizim günümüz belədir. İndi təsəvvür edin ki, belə qohumluq münasibətləri olmayan sadə insanlara nə qədər zülm edilir, nə qədər təzyiq göstərilir.
Ruhani prezident seçiləndən sonra oğlum İrana qayıtdı. O, ölkəyə qayıtmaq üçün tələsdi və aldandı. Siracəddini dindirən və zorakı əməlləri ilə tanınan hakim Sələvati oğluma deyib ki, başına elə bir oyun açacağıq xaricdə yaşayan iranlılar bir də ölkəyə qayıtmağa həvəs etməsinlər. İndi də oğluma təzyiq edirlər ki, çıx mediada ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi və Mehdi Kərrubini məhkum elə və onları pislə. Oğlum bütün təzyiqlərə baxmayaraq bununla razılaşmır”.
Siracəddin Mirdamadi 2009-cu ildə İranda keçirilən prezident seçkisi zamanı müxalif lider Mirhüseyn Musəvinin başçılığı ilə formalaşmış yaşıl hərəkatın tərəfdarlarından olub. Seçkinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra o, ailəsi ilə birlikdə Fransaya mühacirət edib. O, xaricdə yaşadığı vaxt müxalif iranlıların idarə etdiyi bir neçə media orqanı, o sıradan “Radiozəmaneh” radiostansiyası və “Rəsa” televiziyası ilə əməkdaşlıq edib.
2013-cü ildə Həsən Ruhani prezident seçiləndən sonra, həmin ilin avqust ayında Siracəddin Mirdamadi İrana qayıdıb. Tehran aeroportunda onun pasportu əlindən alınıb, özü azadlıqda qalsa da, aylarla İran Kəşfiyyat Nazirliyində (ETTELAAT) və İran İnqilab Keşikçiləri Qvardiyasının təhlükəsizlik məsələləri ilə bağlı şöbələrində dindirilib.
2014-cü ilin may ayının 10-da Siracəddin Mirdamadi ifadə vermək üçün prokurorluğa çağırılıb. Burada o, həbs edilərək Tehranın Evin zindanına aparılıb.