Çin hakimiyyətinin mərkəzi Urumçi olan Sincan –Uyğur Muxtar Bölgəsinə basqısı davam edir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rəsmi Pekin uyğurların milli haqları uğrunda mübarizə aparan 55 nəfəri “terrorçuluq, separatçılıq və qətldə” ittiham edərək, tutub.
Çin məhkəməsi həmin uyğurların 3-ü haqda ölüm hökmü çıxarıb.
Mayın 27-də Pekinin hüquq –mühafizə orqanları bölgənin Hotan rayonunda 2 ton partlayıcı maddə “aşkarlandığını” bildirmişdi.
Bir müddət öncə Çin polisi Sincan-Uyğur əyalətində iki yüzə yaxın uyğur türkünü “ekstremizm”də ittiham edərək, tutub.
Xatırladaq ki, bu əyalətdə əsasən, müsəlman, uyğur-türkləri yaşayır. Onlar illər uzunudur Çin hakimiyyətinin yürütdüyü milli assimilyasiya siyasətinə qarşı çıxırlar. Pekin bölgədə uyğurların sayca etnik üstünlüyünü aradan qaldırmaq məqsədi ilə çeşidli bəhanələrlə ora haanları (Çindəki aparıcı etnos) yerləşdirir. Son illər haanların Sincan-Uyğur Muxtar Əyalətinə köçürülməsi prosesi sürətlənib. Bölgədə elan olunmamış hərbi və fövqəladə rejim hökm sürür.