Çeçenistanın keçmiş naziri Asu Dudurkayevin Suriyaya qaçaraq İŞİD terrorçusu ilə evlənən qızı Sədanın başına gələnlərlə bağlı maraqlı məlumat yayılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gənc qız Çeçenistanda dəbdəbəli həyat yaşayıb. Daha sonra S.Dudurkayevanın beynində radikal fikirlər formalaşmağa başlayıb. Qız internetdə Suriyada döyüşən İŞİD terrorçusu gürcü Həmzətlə tanış olub. Həmzət İŞİD liderlərindən olan, Kobaniyə hücuma rəhbərlik edən gürcü Əbu Ömər əl-Şişanin ən yaxın adamıdır.
Həmzət və Əbu Ömər Gürcüstanda qonşu olublar. Həmzət yaralandıqdan sonra Səda onun yanına getməyə qərar verib. Türkiyədəki vasitəçilərin köməyi ilə Suriyaya gedən Səda elə oradaca Həmzətlə evlənib. Məsələdən xəbərdar olan Çeçenistan prezidenti Ramzan Kadırov Sədaya görə atasını işindən azad edib.
Ramzan Kadırov eyni zamanda Sədanın geri qaytarılmasını Çeçenistan üçün “şərəf məsələsi” elan edib.
Bu əsnada Həmzətin anası Leyla Açişvili oğlu ilə “Skype”-da danışaraq Suriyaya onun görüşünə gedib. Çeçenistan hakimiyyət nümayəndələri L.Açişvili ilə əlaqə yaradaraq Suriyadan Sədanı da gətirməsini tələb edirlər.
L.Açişvili “Daily Beast” saytına verdiyi müsahibədə, Həmzət və Sədanın olduqca kasıb şəraitdə yaşadığını bildirib: “Buna baxmayaraq, Səda və Həmzət bir-birlərini çox sevir. Sədaya ailəsinin onun geri qayıtmasını istədiyini dediyim zaman Suriyada özünü azad hiss etdiyini bildirdi”.
L.Açişvili Suriyadan Gürcüstana qayıdandan 4 gün sonra Həmzətin ölüm xəbəri yayılıb. Həmzət öləndən sonra isə Səda Çeçenistana qayıtmaqla bağlı qərar verib.
Ancaq Əbu Ömər əl-Şişani buna imkan vermir və Sədanı özünə arvad edir. Bütün bunlarla bərabər, Həmzətin ölümündə Əbu Ömərin əlinin olduğu deyilir.