Çanaqqala savaşının 100 illiyi tədbirləri başlayır
Türkiyədə Çanaqqala savaşının 100 illiyi ilə bağlı mərasim başlamaq üzrədir. APA TV-nin Çanaqqalaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, 20 ölkənin dövlət başçısı, 7 ölkənin baş naziri, 3 vitse-prezident və 3 parlament sədri buradakı mərasimdə iştirak edəcək. APA TV-nin Çanaqqalaya ezam olunmuş Türkiyə müxbiri Mayis Əlizadənin sözlərinə görə, mərasim Bakı vaxtı ilə saat 15-də başlayacaq:
"Mərasimin saat 15-də başlaması gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və bir sıra dövlət başçıları buradan dünyaya sülh mesajı verməyi planlaşdırıblar. Çanaqqala müharibəsi etik cəhətdən tarixin qayda-qanunlara riayət edən savaşı olub. Türk əsgəri əsir aldığı, məsələn, Avstraliya əsgəri ilə öz çörəyini bölüb, onun yarasını öz yarasından əvvəl sarıyıb. Bu tədbiri keçirməkdə məqsəd də bunları göstərməkdir. Bu döyüşlərdə Avstraliyadan, Yeni Zelandiyadan gəlib vuruşublar. Amma sonradan onlar arasında dostluq yaranıb. 1934-cü ildə o ölkələrin rəsmiləri Türkiyə Cümhuriyyətinin qurucusu ilə görüşəndə Atatürk onlara söyləyib ki, onlar bizim öz övladlarımızdır. Türk şəhidləri ilə birlikdə döyüşüblər. Bir sözlə, bu tədbirin keçirilməsi dünyaya sülh mesajları verməkdir. Azərbaycan prezidenti İlham Əliyevin də bu mərasimdə iştirak etməsi gözlənilir. Daha sonra saat 16.30-dan sonra Gelibolu yarımadasında, dünyanın ən strateji nöqtələrindən birində müxtəlif ölkələrin şəhidliyi ziyarət olunacaq. Axşam saatlarında isə ingilis şəhidliyinin, aprelin 25-də Avstraliya və Yeni Zelandiya şəhidliyinin ziyarəti gözlənilir".
Şəhərdə izdiham olduğu üçün təhlükəsizlik tədbirləri möhkəmləndirilib. Bir sıra yollarda hərəkət məhdudlaşdırılıb. Mayis Əlizadə Çanaqqalada təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görüldüyünü deyir: “Hər şeyin vaxtında görülməsi, proqrama dəqiqliklə əməl edilməsi üçün hər şeyə ən yüksək səviyyədə əməl olunur. Türkiyənin təhlükəsizlik qüvvələri, ordu, polis, jandarma qüvvələri təhlükəsizlik tədbirləri görüb. Rəcəb Tayyip Ərdoğan dünənki çıxışında bildirdi ki, erməni terror təşkilatı ASALA müxtəlif ölkələrə məktublar göndərib ki, dövlət başçıları Geliboluya yox, İrəvana getsinlər. Bu Türkiyə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə görüb".
226