Bu ölkənin bayrağı dəyişdirilir
03 fevral 2015 19:43 (UTC +04:00)

Bu ölkənin bayrağı dəyişdirilir

Sakit okeanın cənubunda yerləşən Fici Respublikası oktyabrda yeni dövlət bayrağını qəbul edəcək. Bunu ölkənin baş naziri Frenk Bainimarama bildirib.


Fici xalqına müraciət edən baş nazir deyib ki, ölkəni əhatə edən ümummilli müsabiqə keçiriləcək və bu müsabiqədə bütün əhali, o cümlədən məktəblilər iştirak edəcəklər. Müsabiqəyə iki ay ərzində təklif olunan layihələr səlahiyyətli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qalib müəyyən olunacaq.

Yeni dövlət bayrağının oktyabrın 10-da, Ficinin müstəqilliyinin 45-ci ildönümünü qeyd edəcəyi gün qaldırılması nəzərdə tutulur.

Ficinin hazırkı dövlət bayrağı yuxarı sol küncündə Böyük Britaniyanın bayrağının təsviri, ortada bir qədər sağ tərəfdə üzərində Georgi xaçının yuxarısında pəncələri ilə kakaonun meyvəsini tutmuş heraldika şiri olan mavi (Sakit okeanın rəmzi) parçadan ibarətdir. Xaçın ətrafındakı dörd bölmədə isə şəkər çuğunduru, banan dəstəsi, kokos palması və ağ göyərçinin təsvirləri yerləşir.

Baş nazir müraciətində qeyd edib ki, ficililər müstəqillik əldə olunandan ölkəyə yaxşı xidmət etmiş indiki bayraqlarını sevirlər. Lakin dəyişikliklərin vaxtı çatıb. Artıq keçmişi deyil, Ficinin müasir dövrünü əks etdirən rəmzlərin qəbulunun vaxtı çatıb.

2011-ci ildə Fici Kraliça II Yelizavetanın təsvirini əks etdirən sikkələri ləğv edərək dövriyyəyə üzərində yerli flora və faunanın təsviri olan sikkələr buraxıb. Bir il sonra isə Fici hökuməti milli bayramlar siyahısından Böyük Britaniya Kraliçasının doğum gününün çıxarıldığını elan edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar