Mayın 16-da Qahirə Məhkəməsində Misirin sabiq prezidenti Məhəmməd Mursiyə hökm oxunacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Misirin devrilmiş prezidenti Məhəmməd Mursi casusluq və dövlətə xəyanətdə ittiham olunur.
Həmçinin Məhəmməd Mursinin adı 2011-ci ildə baş verən inqilab zamanı “Müsəlman qardaşlar”ının liderlərinin həbsxanasından qaçmasında da hallandırılır .
İstintaqın materiallarına əsasən, Məhəmməd Mursi və “Müsəlman qardaşlar” hərəkatının bir qrup rəhbər şəxsləri bir neçə xarici dövlət və təşkilatın xeyrinə casusluq ediblər və ölkə ərazisində terror aktları hazırlayan ekstremist qruplaşmaların fəaliyyətini əlaqələndiriblər. “Müsəlman qardaşlar” təşkilatının liderləri həmçinin ölkənin müdafiə qabiliyyəti haqda məlumatları İrana ötürməkdə təqsirləndirilirlər.
Qeyd edək ki, aprelin 21-də Məhəmməd Mursi 20 il müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci ilin sonlarında prezident sarayının qarşısında keçirilən kütləvi aksiya zamanı nümayişçilərin öldürülməsində günahkar sayılıb. M. Mursi ilə birlikdə “Müsəlman qardaşları”nın daha 12 lideri və fəal tərəfdarı da cəza alıb.
M. Mursi 2012-ci ildə prezident seçilib. Lakin o, 1 ildən bir qədər çox hakimiyyətdə qala bilib. 2013-cü ilin yayında ölkədə hərbi çevriliş baş verib. Çevrilişdən sonra M. Mursi və “Müsəlman qardaşları”nın bir çox lideri həbs edilib.