Misir hökuməti və “bp” neft-qaz korporasiyası arasında 12 mlrd. dollar dəyərində müqavilə imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş Misirdə keçirilən iqtisadi inkişaf və sərmayələrə dair beynəlxalq konfransda imzalanıb.
“Misir 2020-ci ilədək ixrac və idxal arasındakı fərqi aradan qaldırmaq, idxalın həcmini azaltmaq iqtidarındadır”, deyə Misirin planlaşdırma naziri Əşrəf Arabi bildirib.
Bundan əvvəl “bp” Misirin qaz yataqlarının işlənməsinə 12 mlrd. dollar vəsait yatırmaq niyyətində olduğunu bildirmişdi.
Bundan başqa Misir hökuməti və Siemens şirkəti arasında ölkənin energetika sahəsində obyektlərin tikintisinə dair ilkin saziş imzalanıb. İmzalanmış sazişin dəyəri 10 mlrd. dollar təşkil edir.
Müqavilə ümumi gücü 6600 MVt olacaq altı elektrik stansiyasının tikintisini nəzərdə tutur. Sazişdə həmçinin transformatorların və külək elektrik stansiyaların komponentlərinin istehsalı üzrə müəssisənin tikintisi nəzərdə tutulub.