BMT Yəmən prezidentini dəstəkləyən qətnamə qəbul edib
23 mart 2015 13:32 (UTC +04:00)

BMT Yəmən prezidentini dəstəkləyən qətnamə qəbul edib

 BMT Təhlükəsizlik Şurası (TŞ) Yəmən prezidenti Abd Rabbuh Mansur al Hadinin legitimliyini dəstəkləməsi və “Ənsar Allah” hərəkatı üsyançılarının fəaliyyətini pisləməsi barədə qətnamə qəbul edib.

 

APA-nın məlumatına görə, ötən gün BMT TŞ-də Yəməndə vəziyyətin pisləşməsi ilə bağlı növbədənkənar iclas keçirilib.

 

İclasda BMT TŞ tərəfləri birlik, suverenlik, müstəqillik və ərazi bütövlüyün poza biləcək istənilən hərəkətlərdən yayınmağa çağırıb. TŞ husilərin Yəməndəki keçid dövrünü çətinləşdirən fəaliyyətini pisləyib, bu hərəkətlərin ölkənin təhlükəsizliyi, stabilliyi, suverenliyi və birliyinə təhdid olduğunu qeyd edib.

 

TŞ üzvləri həmçinin üsyançıların BMT-nin hərəkat qüvvələrinin dövlət idarələrindən, o cümlədən paytaxt Sənadan çıxarılması tələbini yerinə yetirmədiklərini qeyd ediblər: “Təhlükəsizlik Şurası təkidlə bütün tərəfləri Konstitusiya üzrə müzakirə prosesinin bitmə tarixini razılaşdırmağa və ictimaiyyətə elan etməyə, Konstitusiya ilə bağlı referendum təşkil etməyə və yeni Konstitusiyanın seçkilərlə bağlı müddəalarına uyğun seçki keçirməyə çağırır”.

 

Qətnamə yerinə yetirilmədiyi halda BMT TŞ bütün tərəflərə qarşı növbəti tədbirlərin görüləcəyini elan edib.

 

Qeyd edək ki, ötən gün ”Ənsar Allah” hərəkatının üsyançıları əvvəlki prezident Abdulla Salehin tərəfdarları ilə birlikdə Yəmənin üçüncü ən böyük yaşayış məntəqəsi olan, aeroportun yerləşdiyi Taiz şəhərində nəzarəti ələ keçiblər. Taiz həmçinin ölkənin cənubunda yerləşən ən böyük şəhərlərindən biri olaraq Adenə açılan qapıdır.

 

Husilərdən ibarət hərəkat 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Şiə qiyamçıları bu il yanvarın sonunda prezident sarayını tutaraq hakimiyyəti ələ keçiriblər. Bundan sonra Mənsul al Hadi istefa müraciətini parlamentə göndərib. Lakin sonra o, paytaxt Sanada ev dustaqlığından doğulduğu Aden şəhərinə qaçmağa müvəffəq olub və parlamentə istefa ərizəsini geri götürməsi ilə bağlı müraciət göndərib.

 

“Ənsar Allah” hərəkatının lideri Abdel Malik Husi isə Yəmənin cənubuna hücumla bağlı tərəfdarlarını ümumi səfərbərliyə çağırıb. Hərəkat lideri bildirib ki, onların fəaliyyəti “Əl-Qaidə” və “İslam dövləti”nə qarşıdır.

 

Hazırda ölkənin cənubunda “Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı qolu fəaliyyət göstərir, ölkənin mərkəzində isə hazırki prezidenti dəstəkləyən ordu qüvvələri ilə husiləri dəstəkləyən qüvvələr arasında toqquşmalar gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar