BMT Təhlükəsizlik Şurası Tehran və “altılıq” arasında İranın nüvə proqramına dair əldə olunan sazişi dəstəkləyən qətnamə qəbul edib. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən sonra BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.
Sənəddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İran məsələsinin baxılmasını sazişin qüvvəyə minməsindən 10 il sonra dayandıracaq.