BMT-nin Belarusda insan haqları üzrə xüsusi məruzəçisi Mikloş Harasti bildirib ki, rəsmi Minsk edam hökmünün icrası ilə bağlı moratorium tətbiq etməlidir.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, deyib ki, bu yaxınlarda iki nəfərin qətlində suçlu bilinən Pavel Selyunun edam olunması Belarusun məhkəmə sistemində çatışmazlığı bir daha yada salıb.
“Ölüm hökmlərinin çıxarılmasına baxmayaraq, uzun müddət onun icra olunmaması beynəlxalq ictimaiyyətdə Belarusun moratoriumu icra etməyə başlaması ilə bağlı arxayınlıq yaratmışdı. Hesab edilirdi ki, bu edam hökmlərinin ləğvi ilə nəticələnəcək” -deyə, məruzəçi bəyan edib.
Harasti vurğulayıb ki, Selyunun hökmü ilə bağlı məsələ BMT-nin insan haqları üzrə komitəsində baxıldığı halda o, edam olunub.
Xatırladaq ki, P.Selyunun edam edilməsini Avropa Birliyinin ali komissarı Ketrin Eşton da mühakimə etmişdi.