“Səudiyyə Ərəbistanı Pakistanla gizli razılıq əldə edərək Əl Qaidə lideri Usamə Bin Ladenin ABŞ-a verilməsini istəməyib”.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə ABŞ-ın araşdırmaçı jurnalisti Seymur M. Herş “London Review of Books” jurnalında yer alan məqaləsində məlumat verib.
Əl Qaidə liderinin öldürülməsi ilə bağlı apardığı araşdırmalardan sonra bu qənaətə gələn jurnalist Bin Ladenin Pakistan kəşfiyyatı tərəfindən qorunduğunu və terror təşkilatı liderinin Səudiyyə Ərəbistanı tərəfindən təşkil olunan məkanda saxlandığını iddia edib.
“Səud ailəsi Əl Qaidə üçün yüksək məbləğdə pul ayırırdı. Bundan başqa pakistanlılar onu qəhrəman hesab edirdi”.
Son zamanlarda Bin Ladenin xəstə olduğunu deyən jurnalist ABŞ-ın onu "şəbəkənin ortasındakı hörümçək" kimi göstərməyə çalışdığını, onun ölümünün isə siyasi şou olduğunu bildirib:
“ABŞ Prezidenti Barak Obama bu məsələdə hər kəsdən dəstək alırdı. Bu səbəbdən pakistanlı qaynaqlar Mərkəzi Kəşfiyyat İdarəsinə gələrək Bin Ladenin qaldığı yeri deyirdi. Lakin Obama administrasiyası bu məlumatlara inanmırdı. Onlara konkret məkan lazım idi. Pakistanlılar Bin Ladenin yerinin tez-tez dəyişdirməsinin qeyri-mümkün olduğunu iddia edirdi. Onların fikrincə, Bin Laden Pakistan ordusunun lap yaxınlığında mənzillənib. Bunu Pakistan rəsmilərinin bilməməsi qeyri-mümkün idi”.