2011-ci ildə məhv edilən "əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə bin Laden ABŞ-ın Rusiyadakı səfirliyində partlayış törətməyi planlaşdırıbmış.
"Trend"-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə ABŞ kəşfiyyatı tərəfindən terrorçunun məxfilikdən çıxarılmış məktublarında yazılıb.
Dünən ABŞ kəşfiyyatı Ü.Ladenin öldürülməsi zamanı tapılan yüz minlərlə sənədi yayıb.
Xatırladaq ki, 2011-ci ilin may ayında Abbottabadda (Pakistan) ABŞ xüsusi təyinatlılarının apardığı əməliyyat zamanı terror qruplaşmasının lideri məhv edilib.
"Xaricdəki fəaliyyət barədə hesabat" adlı məktubunda Ü.Laden yazıb: "Bir neçə qardaşımızı hazırlıq üçün Britaniya, Rusiya və Avropaya göndərmişik. Məqsəd ilin sonuna kimi işə hazır olmaqdır".
İş dedikdə, o, terror əməliyyatının həyata keçirilməsini nəzərdə tuturdu.
O qeyd edib ki, terrorçuların hədəfi Rusiyada qaz xətti və ya ABŞ səfirliyi, Böyük Britaniyada isə "qardaşların uyğun gördükləri hədəflər" olmalı imiş.
Məktublardan məlum olur ki, yoxlanışlar zamanı terrorçular heç bir maneə ilə qarşılaşmayıblar.
Bin Laden məktubda etiraf edib ki, bəzi səbəblərə görə "əl-Qaidə" bu məqsədinə çata bilməyib. Bu səbəblərdən birincisi kimi "bəxtsizliyi" qeyd edib.