ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın İŞİD-in mövqelərinə endirdiyi hava zərbələri terrorçulara ciddi zərər vurmur, lakin Suriyanın mülki infrastruktura böyük ziyan vurur. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.
“Antiterror adlandırılan koalisiya hər gün Suriya və İraqda onadək zərbə endirir. Bu koalisiyaya 60-dək inkişaf etmiş və zəngin dövlət daxildir. Eyni zamanda, koalisiya ilə müqayisədə kiçik olan Suriya Hava Qüvvələri hər gün daha çox zərbələr endirir. Hətta hərbçi olmayan insan bunun məntiqsiz olduğunu anlayır”, deyə Əsəd vurğulayıb. Onun sözlərinə görə, bu koalisiyanın niyyətinin qeyri-ciddiliyini göstərir.
Suriya prezidenti ehtimal edib ki, “bu ölkələrdən bir neçəsi Suriya və İraqda İŞİD-in genişləndirilməsini istəmir, lakin eyni zamanda, görünür ki, onlar İŞİD-i məhv etmək də istəmir, onlar bu terror qruplaşmasından digər ölkələri təhrik və şantaj etmək üçün istifadə etməyə çalışırlar”.
“Suriya ordusunun mövqeləri koalisiyanın zərbələrinə məruz qalmayıb. Onlar Suriya xalqına məxsus infrastrukturu bombalayır. Bunun fəsadları bizim üçün mənfi olub”, deyə Bəşər Əsəd vurğulayıb.