İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 47 gündür aclıq aksiyası keçirən Lətif Həsəni həyat yoldaşı Əzəm Piriyə zəng vuraraq həbsxanadakı durumundan danışıb.
Tutulandan sonra Təbriz zindanında saxlanan fəal bir həftə əvvəl Tehranın Evin zindanına, iyulun 2-də isə Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına köçürülüb. Əzəm Piri yoldaşının telefonda dediklərini “Feysbuk” sosial şəbəkəsində yayıb.
Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, “Oyannews.com”un farsdilli versiyası bildirib ki, Lətif Həsəni adi məhbusların yanına salınmasına etiraz bildirərək aclığı siyasi məhbuslar korpusuna köçürülənə qədər davam etdirəcəyini bildirib. Lətif Həsəni telefon danışığında xanımına deyib: “Həbsxana rəisi deyib ki, məni siyasi məhbuslar korpusuna köçürməyəcəklər. Belə olan halda aclığı davam etdirəcəyəm. Mənim həbsxanada başıma nə oyun gəlsə, hansı təhlükə ilə üz-üzə qalsam, bu işdə Rəcayişəhr zindanının rəisi məsuliyyət daşıyacaq. Siyasi məhbuslarla bir kamerada olma mənim haqqımdır”.
Əzəm Piri uzun müddət aclıq nəticəsində yoldaşının xeyli zəiflədiyini, səhhətinin ciddi təhlükə ilə üz-üzə qaldığını bildirib.
Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Lətif Həsəni mayın 18-dən aclıq aksiyası keçirir. O, qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinərək 9 il həbsə məhkum edilib.