Azərbaycanlı professor, Giresun Universitetinin rektoru, Türkiyədə hazırda fəaliyyət göstərən 7 qadın rektordan biri Aygün Attar Oksford Universitetinin mükafatına layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Aygün Attar "İlin rektoru", Giresun Universiteti isə "Ən yaxşı universitet" seçilib.
Oksford Universitetinin mükafatlarına Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan onlarla rektor və universitetlər namizəd göstərilsə də, onların arasından soydaşımız Aygün Attar və onun rəhbərlik etdiyi Giresun Universiteti fərqlənib.
Mükafatın təqdimat mərasimi sentyabrın 14-də Oksford Universitetində baş tutacaq. Aygün Attar Türkiyə və geopolitika, türk-erməni əlaqələri, yaxın tarixdə Orta Asiya tarixi və digər mövzularda ciddi araşdırmaların müəllifidir. O, Rusiya arxivlərində erməni tarixini araşdıran alim kimi 2000-ci ildən bu yana Dövlət Arxivləri Müdirliyi ilə Azərbaycan Baş Arxiv İdarəsi arasında imzalanan anlaşmaya istinadən türk tarixini bölgələrdə araşdıran layihənin koordinatoru olub.