Tiflisdə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Marneulidən olan 15 nəfər azərbaycanlı gənc də iştirak edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar Tiflis şəhər meri David Narimaniya və meriya rəsmiləri ilə görüşdükdən sonra Qəhrəmanlar Meydanında görüləcək işlərlə tanış olublar. Hazırda gənclər yarım kilometrədək ərazini daşdan, çınqıldan və ağac qırıntılardan təmizləyiblər. Sonra isə asfalt yol yuyulub və yararlı vəziyyətə salınıb.
Qeyd edək ki, fəsadların aradan qaldırılmasında iştirak etmək istəyən könüllülər çoxdur, lakin hələlik yollar bağlıdır və xüsusi texnikanın keyfiyyətlə işləməsinə şərait yaradılır və könüllülər daha çox iri texnika işləməyən ərazilərə cəlb olunub.
Qeyd edək ki, bu gün fəsadları aradan qaldırılması zamanı çoxlu sayda avtomobillər çıxarılıb.
Qeyd edək ki, ötən gün qeyri-iş günü elan olunduğundan fəlakət baş verən ərazidə şəhər sakinlərinin gediş-gəlişi azalıb və əraziyə giriş qadağan olunub, bu da infrastrukturun bərpa olunmasına şərait yaradıb.
Tiflis səmasında isə helikopterlər kəşfiyyat xarakterli uçuşlar həyata keçirir. Məlumata görə, Gürcüstanda iyunun 15-dən başlayaraq havaların yağışlı keçəcəyi proqnozlaşdırılır.