“Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının verilməsi məsələsi iki dövlət arasında müzakirə olunur”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib.
Onun sözlərinə görə, bu proses hər iki ölkənin qanunvericiliyi çərçivəsində baş verməlidir: “Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığına o halda qəbul oluna bilər ki, o, Azərbaycan vətəndaşlığından imtina etsin. Bu, qəbul edilən formadır. Lakin elə hallar da olur ki, şəxs Azərbaycan vətəndaşlığından çıxmadan Rusiya vətəndaşlığına qəbul olunur. Bu zaman həmin adamın ikili vətəndaşlığı olur. Bu isə həm Rusiya Federasiyası, həm də Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Təəssüflər olsun ki, belə hallar bu gün mövcuddur”.
İ. Umaxanov bildirib ki, keçmiş Sovetlər İttifaqı ərazisində doğulmuş insanlar üçün Rusiya vətəndaşlığını alma prosedurunun sadələşdirməsi haqqında qanunun qəbulunun daha çox Ukraynada baş verən hadisələrlə bağlı olduğunu anlamaq lazımdır: “Qanunun qəbulunda başlıca motivasiya bu idi. Ona görə də əsas məsələ qanunun özü deyil, qanun praktikada həyata keçirilməsidir. Hesab edirəm ki, qanun analiz olunmalı və lazım olduğu təqdirdə bütün prosedurları tənzimləyəcək müvafiq qanuni aktlar qəbul olunmalıdır. Hazırda müəyyən problemlər var və bunlar müzakirə olunur”.