APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İran ETTELAAT Urmiya şöbəsinin əməkdaşları tələbə Məhəmməd Təməddün və Yasir Əkbərini mayın 8-də günorta saatlarında tutublar.
Buna səbəb azərbaycanlı fəalların Urmiya şəhərindəki “Qadir” idman salonunda keçirilən karate üzrə beynəlxalq turniri izləyərkən Azərbaycan bayrağı ilə xatirə şəkli çəkdirmələri olub. Onlar həmin gün məhkəmə qarşısına çıxarılıb və daha sonra ETTELAAT-ın Urmiya şöbəsinin nəzarəti altında olan 9 pillə təcridxanasına salınıb. Azərbaycanlı fəalların nədə ittiham edildikləri və barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti məlum deyil.
Qeyd edək ki, mayın 8-də Urmiya şəhərində, 6 min azarkeş tutumuna malik “Qadir” idman salonunda idmanın karate növü üzrə beşinci beynəlxalq turnirə start verilib. İki gün davam edəcək müsabiqədə Azərbaycan, Türkiyə, İran, İraq, Cənubi Koreya, Honqkonq və Ermənistandan idmançılar qatılıb.