Ötən gün Avropa Birliyinə üzv ölkələrdə Avropa parlamentinə seçkilər keçirilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu siyasi kampaniya birlik ölkələrinin türk əsilli vətəndaşlarının qeyri-adi etiraz aksiyası ilə də yadda qalıb.
Onlar Avstriyadakı seçkidə bülletenlərə “Rəcəb Tayyib Ərdoğan - Türkiyə”, “Başbakan Rəcəb Tayyib Ərdoğan -Türkiyə” yazaraq, onu qutuya salıblar.
Seçicilər həmin bülletenlərin fotolarına sosial şəbəkələrdə paylaşıblar.
“Vyanada yaşayan türk gəncləri” adlı qrup “Türkiyə - Ərdoğan” yazılmış bülletenlərin paylaşması kampaniyasına başlayıb.
Onlar bununla Ərdoğana qarşı Avropada, o cümlədən Avstriyada aparılan təbliğata öz etirazlarını bildirdiklərini söyləyiblər.
Qrupunu üzvlərindən biri Ebru Çakaloğlu deyib: “Avstriyada minlərlə türk əsilli vətəndaş var. Ancaq onlar davamlı olaraq irçiliyə məruz qalırlar. Türkiyəyə qarşı düşmənlik, irqçilik və baş nazir Ərdoğana qarşı təbliğata etiraz olaraq, bu kampaniya keçirilib”.
Avstriya vətəndaşı Əminə Çələbçi isə bunları söyləyib: “Səsvermə bülleteninə “Türkiyə- Ərdoğan” yazdım. Avstriyada 300 minə yaxın türk seçici var. Ancaq heç bir siyasi partiya türk əsilli Avstriya vətəndaşını parlamentə namizəd göstərməyib”.