Şengen zonasının qorunub saxlanılması naminə qaçqınlar Aİ-nin xarici sərhədlərində yerləşdirilməlidir, onların Balkan ölkələri və Avstriya üzərindən tranzitinə yol verilməməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Avstriya kansleri Verner Fayman bildirib.
“Gündəlik müəyyən edilməli olan kvotalara uyğun olaraq, qaçqınlar Yunanıstan, Türkiyə və İordaniyadan birbaşa Almaniyaya daşınmalıdır”, deyə Fayman qeyd edib.
O, həmçinin, xarici sərhədlərin qorunması və qaçqınların saxlanılması üçün Yunanıstana yardım fondunun yaradılmasının vacib olduğunu qeyd edib.
Faymanın sözlərinə görə, Avstriya “qaçqınların yerləşdirilməsi mərkəzi” və “gözləmə zalı” olmamalıdır. “Hər gün Avstriyaya minlərlə insan gəldiyi halda, Almaniya bizə az sayda insanların ölkəyə buraxacağını bəyan edir”, - deyə kansler əlavə edib.
Berlində Verner Faymanın təklifi rədd edilib. “Almaniya gündəlik kvota qaydasından istifadə etmir”, - deyə Almaniya hökumətinin mətbuat katibi Şteffen Zaybert bildirib.