Bosniyalılar ölkə tarixində ən böyük təbii fəlakətlə qarşı-qarşıyadır. Hökumət aramsız yağan yağışlar nəticəsində baş vermiş daşqınların fəsadlarını aradan qaldırmağa çalışır. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, daşqınlar zamanı ölənlərin sayı 17-yə çatıb. Rəsmilər itkinlərin sayının dəqiq məlum olmadığını, lakin sular geri çəkildikcə meyidlərin artacağını bildiriblər. Fövqəladə vəziyyətlə əlaqədar genişmiqyaslı təxliyə işləri başladılıb. Xilasedicilər helikopter və kiçik qayıqlarla suların əsarətində qalanları təhlükəsiz yerlərə köçürməyə çalışıblar.
Daşqınlar əsasən, ölkənin şimal-şərq hissəsində təsirli olub. Burada minlərlə evi və yolları su basıb. Bir neçə rayonda nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb. İndiyə qədər 300-dən çox yerdə torpaq sürüşməsi baş verib. Onlarla ev və avtomobil torpağın altında qalıb.
Rəsmilər sonuncu dəfə bu miqyasda daşqınların 120 il bundan əvvəl baş verdiyini bildirirlər. Məlumata görə, təbii fəlakət təxminən 1 milyon insana təsir edib.
Meteoroloqların məruzəsində isə regiona son 3 gündə yağan yağışın 3 aylıq normadan da artıq olub.
Oxşar vəziyyət, eyni zamanda, Serbiyada da yaşanıb. Paytaxt Belqradın qərb rayonlarında vəziyyət daha ağırdır. Burada xilasedicilər suların əsarətində qalmış yüzlərlə insanı xilas etməyə çalışırlar.
Avropada təbii fəlakət: 17 nəfər öldü - YENİLƏNİB
894