Avropa İttifaqından Azərbaycana xüsusi təklif
15 may 2015 05:56 (UTC +04:00)

Avropa İttifaqından Azərbaycana xüsusi təklif

Avropa İttifaqı Riqada keçiriləcək  “Şərq Tərəfdaşlığı”nın sammitində Gürcüstan, Ukrayna və Moldovaya assosiasiya  sazişinin icrası üçün dəstək verəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Latviya XİN-nin “Şərq Tərəfdaşlığı”na dair xüsusi tapşırıqlar üzrə elçisi Yuris Poykans bildirib.

 

“Bizdə Ukrayna, Moldova və Gürcüstan ilə assosiasiya barədə imzalanmış 3 saziş var. Gürcüstan və Ukrayna vizasız rejimin tətbiq olunması istiqamətində qətiyyətli addımlar atırlar. Aİ Riqa sammitində bu sazişlərin icrası məsələsində onlara dəstək  verəcək. Eyni zamanda Azərbaycan, Ermənistan və Belarusa xüsusi əməkdaşlıq təklifi ediləcək. Biz bütün ölkələrlə münasibətləri bərabərlik prinsipləri əsasında qurmaq niyyətindəyik”, deyə o bildirib.  Yuris Poykans sammit zamanı Aİ və Ermənistan arasında yeni sazişin hazırlanacağını istisna etməyib.  

 

Onun sözlərinə görə, Azərbaycandan gələcək əməkdaşlığa dair təkliflərin verilməsi gözlənilir, Belarus ilə münasibətlərdə də müəyyən irəliləyiş əldə olunub. “Sammit çərçivəsində Aİ və Belarus arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş paraflana bilər. Bu o deməkdir ki, Belarus vətəndaşları üçün vizanın qiyməti  60 avrodan 35 avroyadək endiriləcək”, deyə Yuris Poykans bildirib.   

 

 Yuris Poykans “Şərq Tərəfdaşlığı”nın 2013-cü ilin noyabrında Vilnüsdə keçirilən sammitindən sonra  Avropa qitəsində əhəmiyyətli dəyişikliklərin baş verdiyini bildirərək Riqa sammitinin tək Aİ Şurasında sədrlik edən Latviya üçün yox, bütövlükdə, bütün Avropa üçün mühüm hadisə olacağını qeyd edib. Onun sözlərinə görə, Riqa sammitində imzalanacaq bəyannamə “Şərq Tərəfdaşlığı” proqramının əsas istiqamətlərini müəyyən edəcək.  

 

Qeyd edək ki, sammitdə Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və Aİ-inin Qonşuluq və Genişlənmə və üzrə Komissarı Yoxannes Xan iştirak edəcək.  “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı dövlətləri prezidentlər səviyyəsində, Gürcüstan isə baş nazir səviyyəsində təmsil olunacaq.

 

21-22 may tarixində keçiriləcək Riqa sammiti çərçivəsində həmçinin “Şərq Tərəfdaşlığı”nın media konfransı, Riqa sammitinin biznes forumu və vətəndaş cəmiyyəti ilə bağlı məsələlərə həsr olunmuş konfrans kimi paralel tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar