AŞPA Monitorinq Komitəsindən Rusiyaya qarşı qərar
08 aprel 2014 19:36 (UTC +04:00)

AŞPA Monitorinq Komitəsindən Rusiyaya qarşı qərar

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, qurumun səhər keçən iclasında Komitə Ukraynada demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə layihəsini qəbul edib və sənəd AŞPA-nın sabahkı plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Sənəddə Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiya tərəfinin təklif etdiyi əlavə və dəyişikliklər isə qəbul olunmayıb.

 

Monitorinq Komitəsinin günün ikinci yarısında keçirilmiş toplantısında isə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının alınması, 2015-ci ilədək səsvermə hüquqlarının dondurulması və ya əlavə sanksiyalarla bağlı müzakirələr keçirilib.

 

Bu məsələ ilə bağlı xüsusi qətnamə layihəsi də qəbul olunub. Komitə Rusiya nümayəndə heyətinin qurum daxilindəki hüquqları və AŞPA-dakı iştirakı ilə bağlı müsbət qərar versə də, gələn ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun əlindən alınması haqda qərar qəbul edib.

 

Bu qərar AŞPA-nın aprelin 10-da keçiriləcək xüsusi plenar iclasında səsverməyə çıxarılacaq.

 

Komitənin toplantısında iştirak edən Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Puşkov bu qərarı mənfi qiymətləndirsə də, Komitə üzvlərinin Rusiya nümayəndə heyətinin tam hüquqlarının əlindən alınması və AŞPA-dan xaric edilməsinə səs vermədiklərini bildirib: “Bu qərar da bizim üçün çox mənfi hal hesab olunur, lakin bizim Assambleyadan uzaqlaşdırmamıza səs verilmədi. Yəni biz AŞPA-nın yay sessiyasından etibarən bütün il boyu fəaliyyət göstərəcəyik, sadəcə səsvermə hüququmuz olmayacaq. Lakin biz öz aramızda müzakirə aparıb qərar qəbul etdikdən sonra çox güman ki, bu qərara da etiraz olaraq, bu sessiyanı tərk edib gedəcəyik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar