Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün Ankarada baş törədilən terrorla bağlı açıqlama verir.
Lent.az-ın “haberturk”ə istinadən xəbərinə görə, baş nazir deyib ki, Türkiyə dünyada terrordan ən çox ziyan çəkən ölkədir: “Terrorun nə olduğunu biz çox yaxşı bilirik. Türkiyənin ətrafında kriz bölgələri çoxaldıqca bu teraktların da sayı artıq”.
Davudoğlu deyib ki, gecəboyu kəşfiyyat məlumatlarını toplayıblar. Baş nazirin sözlərinə görə, ötən gecə prezident Ərdoğanla danışıb.
Hökumət başçısı bildirib ki, hadisəni törədənlərin kimliyi tam olaraq aydınlaşıb. Baş nazir teraktın Suriyanın kürdlərinin təşkilatı olan YPG tərəfindən törədildiyini bildirib: “Qəti şəkildə deyə bilərik ki, bu terror aktı Türkiyədə terrorçularla Suriyadan gələn YPG üzvləri tərəfindən törədilib. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb”.
**
23:41
Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.
APA-nın xəbərinə görə, Türkiyə hökümətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb.
***
23:04
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin həyatını itirməsi barədə xəbər var. Onun sözlərinə görə, 61 nəfər isə yaralıdır.
***
22:34
Ankarada baş vermiş terror hadisəsində 18 nəfər ölüb. 45 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə Ankara Valiliyinin son açıqlamasında bildirilib.
Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib.
***
21:25
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi nəqliyyat vasitələri keçərkən partlayış törədilib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb.