Ankara və Moskva arasında “Türk axını” qaz borusunun tikintisi layihəsi üzrə danışıqlar qeyri-müəyyən tarixə təxirə salınıb.
APA-nın məlumatına görə, bu barədə “Röyters” Türkiyə hökumətindəki mənbələrinə istinadən xəbər verir.
Türkiyə hökuməti nəql ediləcək qazın illik həcminin 28-30 mlrd kubmetr olacağı təqdirdə ölkəyə tədarük olunacaq Rusiya qazına 10,25 faiz endirim şamil etməyi tələb edir.
“Rusiya Türkiyədən layihə sazişinə dair bir neçə mühüm bənd üzrə dərhal razılıq verməsini tələb edir. Bu mümkünsüzdür. Belə olan halda qaza 10,25 faiz endirim tələb etmək bizim haqqımızdır”, deyə mənbə bildirib.
Moskvanın eyni vaxtda qaz borusunun 4 xəttinin tikintisinə başlamaq tələbi də Türkiyə tərəfini qane etmir. Türkiyə hələlik yalnız bir xəttin tikintisinə icazə verib.
Bundan başqa, Türkiyə hökuməti qaz qiyməti ilə bağlı mübahisədə beynəlxalq arbitraja müraciət etmək niyyətində olduğunu bildirib.
Mənbələrin məlumatına görə, Rusiya Türkiyədə yeni hökumətin formalaşmasını gözləyir və layihə üzrə tikintinin başlanmasını təxirə salıb.