Terror: nəticələri və təsirləri
Terror şəxsi, dini, siyasi, iqtisadi məqsəd və mənafeni əldə etmə naminə aparılan mübarizənin ən qəddar, ən çirkin üsuludur. Düşündürücü haldır ki, terror gündəlik həyatımızda tez-tez işlədilir. Qorxu, şiddət, dəhşət məfhumlarını özündə ehtiva etməklə bəşəriyyətin acı bəlalarından birinə çevrilir. Terror cəmiyyətlərdə yaşamaq təhlükəsizliyini ortadan qaldırır. Terror terroru doğurur və yaşayış mühitini tamamilə dəyişdirir. Özü ilə bərabər davamlı bir qorxu, həyəcan gətirir. Sabit və təhlükəsiz yaşayışa əngəl yaradır, şübhə oyadır. Eyni zamanda terror baş verməsi ilə birlikdə yüzlərlə cavabsız suallar doğurur. Hansısa qüvvələrin dəstəyi və əməyi ilə meydana gələn terror arxasınca çoxsaylı insan itkisi, unudulmayacaq vəhşilik qoyub getməklə yanaşı, dövlətlərarası əlaqələri zədələyir, dinlər, dövlətlər arasında ixtilaflar formalaşdırır. Qısaca terror ; dəhşət, şiddət, qorxu, vəhşət, xaosdur.
Terror yalnız bir bölgə üzrə yayılmır. Qloballaşma dövründə terrorun ölçüləri də sərhədləri aşır və yeni problemlər doğurur. Terror dövlətin iqtisadi və sosial həyatına müharibələr qədər kəskin təsir göstərir. Həmçinin terror qeyri-nizami xarakter daşıdığı üçün əvvəlcədən təxmin olunması mümkünsüzləşir.
Hər bir terror hadisəsində kimin kimə qarşı etdiyindən başqa, qaranlıq məqamları özündə ehtiva edən gizli bir səbəb olur. 2001 sentyabr hadisələri bugünün özündə də açıq şəkildə öz həllini tapmayıb. Bu barədə xeyli sayda mülahizələr yürüdülsə də, hətta ABŞ-ın özü tərəfindən təşkil olunduğu iddia edilsə belə hələ də üstüörtülü şəkildə qalmaqdadır. Çünki terror hər hansı bir məqsədə xidmət etmək üçün törədilir. Hər hansı bir “siyasi tələ”, “siyasi oyun” yaratmaq üçün baş verir. Ona görə də terror hadisəsi nə qədər geniş şəkildə, detalları ilə araşdırılsa, rəsmi mövqe bildirilsə də gizliliyini və şübhəliliyini qorumaqda davam edir.
Hal-hazırda rəsmi məlumatlara əsasən dünyada 42 terror təşkilatı fəaliyyət göstərir. Qeyri-rəsmi isə şübhəsizdir ki, bu siyahıda artım olduqca çoxdur.
Nailə Məmmədova
Azerbaijan Realities
157