Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair planı vitse-kansler Ziqmar Qabriel ilə razılaşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ZDF telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl “FAZ” nəşri Almaniyanın Maliyyə Nazirliyinin Yunanıstanın iyulun 9-da Avroqrupa təqdim etdiyi təkliflərin qənaətbəxş olmadığı barədə rəy verdiyini bildirib. Məlumata görə, sənəddə Afinanı Aİ-də üzvlüyü saxlanılaraq 5 il müddətinə avrozonadan kənarlaşdırmaq təklif olunur.
“Şoyblenin Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair planı kansler Merkel ilə razılaşdırılıb, Qabriel də bu barədə məlumatlandırılıb”, deyə ZDF məlumat verir.