Ağ ev İranın atom-nüvə problemi ilə bağlı danışıqların iyulun 20-dən sonra uzadılacağı haqda yayılan xəbərləri təsdiqləməyib.
Lent.az-ın “RİA Novosti”-yə istinalən məlumatına görə, 2013-cü ilin noyabrında İranla “altılıq” (ABŞ, Britaniya Almaniya, Fransa, Çin və Rusiya) arasında əldə edilmiş razılaşmaya əsasən, Tehranın dinc məqsədi atom proqrammı qarşılığında İslam Respublikasına tətəbiq edilən sanksiyalarla bağlı iyulun 20-də tərəflər yekun sənədi imzalmalıdır.
Ağ Evin təmsilçisi Coş Ernest bildirib ki, dövlət katibi Con Kerri Vyanadan Vaşinqtona qayıdıb və məsələni prezident Barak Obama və konqres üzvləri ilə məsləhətləşmə aparır.
Onun sözlərinə görə, son 6 ayda İranın nüvə problemi ilə bağlı danışıqlarda “çox böyük tərəqqi əldə edilib”. “Bununla belə fikir ayrılığı mövcuddur. Prosesin irəliləməsi üçün dövlət katibi prezidentlə məsləhətləşəcək”-deyə, o, vurğulayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yeni təklif irəli sürdüklərini deyib. O, Con Kerri və Avropa Birliyinin ali komissarı Ketrin Eştonla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, müzakirələrin tam nəticə verməsi üçün “altılıq”-la nüvə danışıqlarının vaxtının uzadılmasını istəyir: “Hazırda danışıqlarda o qədər irəliləyiş və inkişaf əldə edilib ki, biz artıq siyasi rəhbərlərimizə müzakirələrin davam etdirilməsinin əhəmiyyətini və lazımlı olduğunu deyə bilərik. Mən müzakirələrin tam nəticə verməsini təmin etmək üçün nüvə danışıqlarının vaxtının uzadılmasını tövsiyə edirəm”.
Zərif ölkənin nüvə məsələsinin həlli üçün ABŞ-a təkliflər paketi verdiyini bəyan etsə də, həmin təkliflərin nədən ibarət olduğunu açıqlamayıb: “Hesab edirik ki, Vaşinqton bizim təkliflərimiz haqda qərar qəbul etməlidir”.