Plandankənar təlimlərdə iştirak etmək üçün 600-ə yaxın ABŞ hərbçisi yaxın günlərdə Polşa və Baltikyanı ölkələrə göndəriləcək.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Pentaqonun nümayəndəsi kontr-admiral Con Kirbi bildirib ki, bu addım Ukraynanın Krım bölgəsinin Rusiyaya birləşdirilməsindən yaranan narahatlıqla əlaqədar NATO-dakı müttəfiqlərin dəstəklənməsi üçün atılır.
Onun sözlərinə görə, ABŞ və Avropadakı müttəfiqlərin öncədən planlaşdırdığı hərbi təlimə əlavə olaraq, Polşa, Latviya, Litva və Estoniya ərazisində manevrlər keçiriləcək.
O, bu hərbi tədbirin Ukraynada baş verənlərlə əlaqədar olduğunu da vurğulayıb.
“ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, öz öhdəliklərinin icrasına ciddi yanaşır. Bu Avropada təhlükəsizliyin təmin ilə bağlı götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə sadiq qaldığımıza aşkar örnəkdir” -deyə, Pentaqonun nümayəndəsi bildirib.