ABŞ Dövlət Departamentində hesab edirlər ki, İŞİD silahlıları üzərində qələbəyə nail olmaq üçün 3-5 il gərəkdir.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib. Onun sözlərinə görə, bu İraq tərəfi döyüş əməliyyatlarının böyük hissəsini öz üzərinə götürəcəyi təqdirdə mümkün olacaq.
Con Kirbi qeyd edib ki, ABŞ və onun müttəfiqləri lazım gəldikdə müdaxilə etməyə hazırdır, lakin hazırkı mərhələdə əsas mübarizənin İraq tərəfindən aparılmasına üstünlük verir.
Kirbinin sözlərinə görə, İraq qüvvələrinin təlimi proqramında müəyyən nöqsanlar var və hazırda onların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bundan əvvəl ABŞ prezidenti Barak Obama Vaşinqtonun İŞİD-lə mübarizə üzrə dəqiq strategiyaya malik olmadığını qeyd edib.