Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ilə sərhəddə, Rostov, Belqorod və Bryansk vilayətlərində yerləşən qoşunun təlimdən sonra daimi dislokasiya yerinə qayıtması üçün əmr verib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, “RİA Novosti” bu haqda xəbər yayıb.
Məlumata əsasən, hazırda qoşunun geri qayıtması üçün marşrut müəyyənləşdirilir, çadır düşərgə yığışdırılır, avadanlıq yüklənir və s.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin az qala bir ay öncə qoşunun həmin ərazidən daimi dislokasiya yerinə qaytarıldığı barədə dünyanın aparıcı dövlətlərinin başçılarına məlumat vermişdi.
Ötən gün NATO-nun baş katibi Andres Foq Rasmussen və ABŞ-ın dövlət katibi Cen Psaki isə bildirib ki, Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsi ilə bağlı sübut yoxdur.
Amerikalı diplomatın sözlərinə görə, Rusiya tərəfindən uyğun bəyanat ötən həftə də səslənmişdi. “Mən təkrar qeyd etmək istəyirəm ki, Ukrayna sərhədinə Rusiyanın çoxlu sayda hərbi qüvvə yeritməsi faktdır və bu ABŞ-ı önəmli dərəcədə rahatsız etməkdədir”-deyə, Psaki vurğulayıb.